Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub.
Bu barədə Trend-ə açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib.
Onun sözlərinə görə, məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri qazılıb, tam istismara hazırdır. 6 saylı Subartezian quyusunun İdarəetmə otağında son tamamlama işləri görülür.
"Ərazidə hər birinin tutumu 1000 kubdan ibarət 2 anbar inşa olunub. 1-ci anbar test sınağından keçirilib, istismara tam hazırdır. 2-ci anbarın 1000 m3 hissəsinin dəmir-beton işləri yekunlaşıb, izolyasiya işləri davam edir. Siyirtmə kamerasında və gözətçi otağında işlər yekunlaşıb.
280 diametrlik boru ilə 2300 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır. Şəhərin çıxışından 600 diametrlik boru ilə 5300 metr məsafədə kanalizasiya xətti çəkilib", - deyə o qeyd edib.