Anar Bağırov: Məişət zorakılığının qarşısının alınması kompleks yanaşma tələb edir

Məişət zorakılığının qarşısının alınması sahəsində səmərəli mübarizə üçün yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil. Bu problemin həlli kompleks yanaşma tələb edir və bu yanaşmanın əsas komponentlərindən biri müxtəlif qurumlar arasında koordinasiyalı işin təşkil olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə vəkillər və hakimlər üçün keçirilən “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, koordinasiyalı əməkdaşlıq modelləri zorakılığın qarşısının alınmasında ən effektiv yollardan biridir.

“Dövlət və qeyri-dövlət orqanları, habelə vətəndaş cəmiyyəti institutları arasında sıx əməkdaşlıq, informasiya mübadiləsi zorakılığın vaxtında aşkar edilməsi və zərərçəkmişlərin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu qurumların hər birinin öz sahəsindəki rolu və məsuliyyəti konkret müəyyən olunduqca, qarşılıqlı əlaqə və koordinasiya daha effektiv olur. Qarşılıqlı əməkdaşlığa əsaslanan sistem məişət zorakılığı ilə mübarizədə resursların daha səmərəli istifadə olunmasına və nəticələrin daha tez əldə edilməsinə imkan yaradır", - deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.

A.Bağırov Vəkillər Kollegiyasının bu sahədə koordinasiyanı həyata keçirən əsas qurumlardan biri, təlimin təşkilatçısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

O bildirib ki, birgə əməkdaşlıq çərçivəsində Kollegiya ilə Komitə arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

A.Bağırovun sözlərinə görə, Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq Pro Bono hüquqi dəstək xidməti göstərilir.