İDMAN:AKAF rəsmisi: “Mingəçevir Reqatası”nın nüfuzu beynəlxalq səviyyədə artıb

“Daha əvvəl işğaldan azad olunmuş Suqovuşanda “Prezident Kuboku” və digər beynəlxalq yarışlar keçirilib”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib. O, açılış mərasiminin sabah Füzuli şəhərində reallaşacağını bildirib: “Aşağı Köndələnçay su anbarında 200 metr məsafədə kayak və kanoe yarışları baş tutacaq. Bu gün isə Mingəçevirdəki yarışda idmançılar akademik avarçəkmə, kayak və kanoe növündə mübarizə aparırlar. Artıq “Mingəçevir Reqatası”nın nüfuzu beynəlxalq səviyyədə artıb”.

Federasiya rəsmisi builki beynəlxalq turnirində Azərbaycan təmsilçilərindən daha çox medal gözlədiklərini söyləyib: “Çünki onların hazırlığı və psixoloji durumu yaxşı səviyyədədir. Ölkə birinciliyində iştirak etmiş avarçəkənlər də bu turnirdə mübarizə aparır”.

Reqatada Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Qeyd edək ki, “Mingəçevir Reqatası” Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil olunur. Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında yarışın rəsmi açılış mərasimi keçiriləcək.