Şalva Tetruaşvili: Bizim üçün ailə dəyərləri və milli dəyərlər çox önəmlidir

“Bizim üçün ailə dəyərləri, milli dəyərlər çox önəmlidir. Ona görə də hesab edirəm ki, Gürcüstanda LGBT təbliğatına çıxanlar və bununla bağlı qadağanedici qanunu imzalayanlar haqlıdırlar”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Sefard Yəhudiləri Təşkilatının Gürcüstan bürosunun rəhbəri, Gürcüstan Yəhudi İcmasının üzvü Şalva Tetruaşvili söyləyib.

Onun sözlərinə görə, bəzi insanlar qeyri-etik hərəkətləri, davranışları insan azadlığı adlandıraraq cəmiyyətdə qarışıqlıq yaradırlar. Təəssüflər olsun ki, bəzi Qərb dövlətləri də həmin insanlara, qruplara dəstək verirlər. Hətta Qərb bəzi dövlətləri onların hüquqlarını qoruyan qanunlar qəbul etməyə məcbur edir. Bunlar yolverilməzdir.

“Onlar bu cür addımları ilə Allaha qarşı çıxırlar. Axı yaradan bizi bu cür yaratmayıb. Onlar bütün müqəddəs olan hər şeyə qarşı çıxırlar. Belə olmaz. Bu cür addımların hamısı ölkəni, ailə institutunu məhv etmək üçün hesablanıb. Biz isə buna icazə verməyəcəyik. Özünə hörmət edən, ailəsinə dəyər verən, ölkəsini sevən heç kim bu qanunu dəstəkləyə bilməz. Allah bizi yaradıb ki, yaxşılıq edək. Bu addımlar isə ancaq pisə, pisliyə xidmət edir. Bizə LGBT lazım deyil. Onları dəstəkləyənlər bizi uçuruma aparacaq”, – deyə Ş.Tetruaşvili vurğulayıb.

O deyib: “Gürcüstan nadir ölkələrdəndir ki, burada kimliyindən, milli, dini mənsubiyyətindən asılı olmayaraq hamı mehriban yaşayır. Bizim ölkəmizdə bərabərlik prinsipi, tolerantlıq əsrlərdən bəri davam edir. Bizim xalqlarımız heç zaman LGBT kimi qeyri-insani adətlərə xidmət edən təşkilatlarla barışmayıb və barışmayacaq da”.

Ş.Tetruaşvili bildirib ki, bu qanunu dəstəkləmək tapşırığı xaricdən, xüsusən də Qərbdən gəlir. “Avropa, ABŞ və digər ölkələr Gürcüstanın daxili məsələlərinə qarışa bilməzlər. Onlar öz qanunlarını Gürcüstanda diktə edə bilməzlər. Onlar başa düşməlidirlər ki, Gürcüstan müstəqil dövlətdir, öz qanunları, öz milli dəyərləri, öz inancı var. Kim öz daxilində bunları itirsə, deməli, mənəvi cəhətdən məhv olub. Gürcüstan xalqı da, hökuməti də bunu gözəl bilir və bu dəyərləri qoruyub saxlamaq üçün də əllərindən gələni edəcəklər”, - deyə Ş.Tetruaşvili fikrini yekunlaşdırıb.