Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən “Qayıdış” könüllü proqramı uğurla fəaliyyətə başlayıb. Bu proqram çərçivəsində Ağdam, Zəngilan və Şuşada könüllülər qrupu yaradılıb və bu qruplar həmin bölgələrdə keçirilən tədbirlərin təşkilində fəal iştirak edirlər. Onlar bölgəyə gələn turistlərə həmin region haqqında məlumat verməklə yanaşı, təşkil olunan bütün tədbirlərdə könüllü olaraq iştirak edirlər. Son üç ildə dövlət qurumlarında fəaliyyət göstərən və ittifaqa üzv olan könüllü təşkilatların sayının 17-dən 30-a yüksəlməsi mühüm nailiyyətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev jurnalistlərə açıqlamasında deyib.
Y.Vəliyev bildirib ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının həyata keçirdiyi ən önəmli layihələrdən biri Şuşada və Laçın-Xankəndi yolunda baş tutan ekoloji aksiya olub: “Belə ki, 138 gün davam edən aksiyada 5 mindən artıq könüllü fəaliyyət göstərdi. Eyni zamanda, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə təşkil olunan tədbirlərdə də 150 könüllü bir ay ərzində yardım göstərdi”.
“Beynəlxalq səviyyədə də böyük uğurlar əldə olunub. Xüsusilə Mərkəzi Asiya ölkələri, Türkiyə və Azərbaycan arasında Beynəlxalq Könüllü Mərkəzi yaradılıb. 2024-cü ildə bu mərkəzə Qazaxıstan sədrlik edib və 2025-ci ildə sədrliyi Azərbaycana təhvil veriləcək. Bu vəzifəni Azərbaycan Könüllü Təşkilatları İttifaqı icra edəcək”, - deyə Yusif Vəliyev əlavə edib.