İDMAN: Azərbaycan yığması Gimnaziadaya yollanıb

Azərbaycan yığma komandası Gimnaziada İdman Oyunları üçün bu gün çarter reysi ilə Bəhreynə yola düşüb.

İdman.biz xəbər verir ki, Beynəlxalq Məktəb İdmanları Federasiyasının himayəsi altında keçirilən multi-idman yarışı oktyabrın 23-31-də Manamada baş tutacaq. Burada 160 məktəblimiz iştirak edəcək.

Səhər saatlarından müxtəlif növlər üzrə komandalar hava limanında toplaşmağa başlayıblar. Azərbaycanı boks, güləş, taekvondo, şahmat və digər növlər üzrə çoxsaylı komandalar təmsil edəcək.

Maraqlıdır ki, millimiz Bəhreyndə nümayəndə heyətinin sayına görə dördüncü, idmançıların sayına görə isə beşinci olacaq.

Gimnaziada bütün dünyada məktəblilər üçün kiçik Olimpiya Oyunları hesab olunur.