TDT-nin Budapeşt nümayəndəliyinin rəhbəri Qarabağın bərpasında Macarıstanın rolundan danışıb

Rusiyanın “RİA Novosti” xəbər agentliyi Macarıstanın Azərbaycanın Qarabağ bölgəsində bərpa işlərində iştirakı ilə bağlı material dərc edib.

AZƏRTAC xəbər verir ki, agentliyə Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı nümayəndəliyində görülən işlərin gedişi və macar şirkətlərinin töhfəsi barədə məlumat verilib. Materialda TDT nümayəndəliyinin rəhbəri İştvan Vaşarinin Macarıstanın bir qrup şirkətinin Cəbrayıl rayonunun Soltanlı kəndini yenidən qurması, burada yaşayış binaları və sosial obyektlər tikməsi ilə bağlı sözləri sitat gətirilir.

Materialda qeyd olunur: “Macarıstan dəfələrlə Qarabağ bölgəsinin bərpası və regional sabitliyin qorunub saxlanılması, humanitar yardım göstərilməsi, infrastruktura sərmayə qoyuluşu və bütün işlərin peşəkar təcrübə mübadiləsi şəklində həyata keçirilə biləcəyini dəstəklədiyini bildirib”.

“Macarıstanın KÉSZ qrupunun (Macarıstan tikinti şirkətləri qrupu - red.) rəhbərliyi ilə həyata keçirilən Soltanlı kəndinin bərpası layihəsini dəstəklədiyini vurğulamaq vacibdir. Bərpa layihəsi 5-6 min insanın əraziyə qayıtmasına imkan yaratmaq məqsədi daşıyır. İnşaat işlərinə yaşayış binalarının, dövlət müəssisələrinin, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və idman obyektlərinin tikintisi daxildir”, - deyə Vaşari müsahibəsində bildirib.

Nümayəndəliyin rəhbəri əlavə edib ki, layihə həm də rəmzi əhəmiyyət daşıyır, çünki o, Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirir.