Səhiyyə naziri “İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü”nü irəli sürüb

Azərbaycan COP29-un sədri qismində “İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü”nü irəli sürüb. Bu təşəbbüs təhsil, səhiyyə və məşğulluq sahələrində sektorlararası əməkdaşlığın daha da möhkəmlənməsinə və bir-birini tamamlanmasına yönəlib.

Trend xəbər verir ki, bu fikirləri Kopenhagendə keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 74-cü sessiyasının açılışında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazir çıxışında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xüsusilə vurğulayıb:

“Dövlət başçısının Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan həmişə “yaşıl” gündəliyə sadiq olub və bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bunun əyani sübutudur”.