Ata yurduna qayıdan məktəbli: Kəndimizdə özümə yeni dostlar tapacam

Ata yurduma - Xocalıya gedirik. O yerləri görməsəm də babam və nənəmdən çox eşitmişəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalının Ballıca kəndinə köç edən məktəbli Rəşad Nəsibli deyib.

“7-ci sinifdə oxuyuram. Həmişə Qarabağda olmaq istəmişəm. Sevinirəm ki, bundan sonra ailəmlə Xocalıda yaşayacam, orada məktəbə gedəcəm. Kəndimizdə özümə yeni dostlar da tapacam”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.