“Bakı Marafonu 2025”ə qeydiyyat başlayır!

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” təşkil ediləcək.

Trend xəbər verir ki, 2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Yarışda iştirak üçün qeydiyyat martın 4-dən aprelin 25-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu 2025”in saytına - www.marathon.az müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN təşkil edir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər təşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilir. Bakı marafonunda tələbələrin iştirakı Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etmirlər.