Azərbaycan Qış İdmanı Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova xizək alpinistlərinin Türkiyə çempionatındakı çıxışını dəyərləndirib.
AQİNF rəsmisi “Report”a açıqlamasında idmançıların gözləntiləri doğrultduqlarını bildirib.
O, bəzi milli üzvlərinin ilk dəfə beynəlxalq yarışa qatılmalarına rəğmən, uğurlu çıxış etdiklərini vurğulayıb:
“Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov Azərbaycanı yarışlarda daha öncə də təmsil ediblər. Lakin üç idmançı - Elməddin Həsənov, Nurid Şəkərəliyev və Abel İsmixanov ilk dəfə idi beynəlxalq turnirə qatılırdılar. Onlar komandaya bir neçə aydır cəlb ediliblər. İlk yarışlarını uğurla başa vurdular. Təbii ki, gözləntimiz qələbə idi. Nəbiyulla həm fərdi mübarizədə birinci oldu, həm də Ramin Beybutovla komanda şəklində uğur qazandı. Həmçinin Elməddin, Nurid və Abel uğurlu çıxış etdilər ki, bu da gözlədiyimiz nəticə idi. Ümidvarıq ki, növbəti yarışlarda bu tendensiya davam edəcək”.
Baş katib idmançıların bu ay daha bir neçə yarışda mübarizə aparacaqlarını söyləyib:
“Nəzrin Qəribova və Seyid Sədrəddinov İtaliyada, Val Martelloda təşkil olunacaq Dünya Kubokunda iştirak edəcəklər. Nəbiyulla Qələbəqiyev ilə Ramin Beybutov isə Fransada yeniyetmələr arasında Dünya Kubokuna qatılacaqlar. Val Martellodakı yarış martın 22-23-də keçiriləcək. Fransada yeniyetmələr arasında Dünya Kuboku isə martın 26-dan 29-na qədər davam edəcək. Nəbiyulla Qələbəqiyevlə Ramin Beybutov bu çempionatda xizək alpinizminin vertikal, individual və sprint növləri üzrə yarışacaqlar. Həmçinin fiqurlu konkisürmə üzrə millimizin üzvləri Bostonda keçiriləcək dünya çempionatında iştirak edəcəklər. Bu yarış martın 25-30-da təşkil olunacaq. Ümid edirəm ki, idmançılarımız uğurlu çıxışla yadda qalacaqlar”.
Qeyd edək ki, Azərbaycanın xizək alpinizmi millisi Türkiyə çempionatında uğurlu çıxış edərək, 3 qızıl və eyni sayda gümüş olmaqla 6 medal qazanıb.