Türkiyə nümayəndə heyəti DOST Mərkəzi, reabilitasiya və sosial xidmət müəssisələri ilə tanış olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madakın rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı DOST Mərkəzində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə, habelə burada fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti ilə tanış olan qonaqlar üçün DOST Konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.

Nümayəndə heyətinin üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat Mərkəzi və Bakı Reabilitasiya Mərkəzi ilə də tanış olublar.

Son illər ölkəmizdə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, həmçinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər barədə onlara məlumat verilib.

Qonaqlar Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinə və 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə də baş çəkiblər.