Komitə sədri: Azərbaycan uşaqları bu gün də mina təhlükəsi və partlamamış hərbi sursatların yaratdığı risklərlə üzləşirlər

Uşaq hüquqlarının müdafiəsi prioritet məsələdir. Dünyanın müxtəlif nöqtələrində bu və ya digər səbəblərlə problemlər yaşayan, müharibədən əziyyət çəkən, valideynlərini və doğmalarını itirən uşaqların yadda saxlanılması və onların üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün birgə səylər göstərilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 2-də Bakıda keçirilən “Mənim səsim – hüquqlarım” mövzusunda dəyirmi masada çıxışı zamanı söyləyib.

Komitə sədri vurğulayıb ki, hər bir uşağın təhlükəsiz şəraitdə yaşamaq, inkişaf etmək və müdafiə olunmaq hüququ var və bu hüquqların təmin olunması üçün bütün cəmiyyətin səfərbərliyi vacibdir. O, Azərbaycanın da bu prosesə qoşularaq BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğun şəkildə uşaq rifahı istiqamətində mühüm addımlar atdığını qeyd edib. B.Muradova vurğulayıb ki, uzun illər münaqişə və müharibə şəraitində yaşayan Azərbaycan uşaqları bu gün də mina təhlükəsi və partlamamış hərbi sursatların yaratdığı risklərlə üzləşirlər: “Buna baxmayaraq dövlətin həyata keçirdiyi siyasət və ardıcıl səylər nəticəsində uşaq hüquqlarının qorunması sahəsində mühüm nailiyyətlər əldə olunub. Rəsmi sülhün təmin olunması və bölgədə münaqişələrin başa çatması üçün Azərbaycan öz səylərini davam etdirir”.