Əvvəlcə "Qarabağ"ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu uğur Azərbaycan və klub üçün vacib nəticədir. Hər kəs bu ölkədən danışacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş dünya çempionatının seçmə mərhələsində İslandiya və Ukrayna yığmaları ilə keçiriləcək oyunlardan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mətbuat konfransında yığmanın heyətini açıqlayan portuqaliyalı mütəxəssis bildirib ki, milliyə dəvət alan futbolçular daimi olaraq klublarında əsas heyətdə çıxış etməlidirlər: "Əlimizdə olan oyunçularla uğur qazanmaq istəyirik. Onların davamlı şəkildə oynaması mənim əsas məqsədimdir. Bədavi Hüseynov son vaxtlar "Qarabağ"da oynamadığı üçün toplanışa dəvət almadı. Onun xətrini çox istəyirəm. Gələcəkdə yenidən yığmada görə bilərik. Vüsal İsgəndərli və Mehdi Cənnətov isə sənədlərində problem olduğu üçün milliyə dəvət almayıblar”.
Baş məşqçi qarşıdakı iki oyunda uğurlu nəticələr əldə etmək istədiklərini söyləyib: "Son toplanışdan sonra gördüm ki, oyunçular istəklidirlər. Eyni səviyyədə davam edəcəklərinə inanıram. Bütün Azərbaycan xalqı bizdən qələbə gözləyir. Buna inanıram".
Mütəxəssis legioner limitinin ləğvi haqqında fikir bildirmək istəməyib: "Bu, mənə aid olan məsələ deyil".
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də səfərdə İslandiya, 9-da isə evdə Ukrayna ilə qarşılaşacaq.