Bahar Muradova AQEM-in Baş katibi Kayrat Sarıbayla görüşüb

11 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanın geosiyasi mövqeyindən irəli gələrək, vacib dəhlizlərin inkişafına mühüm töhfələr verdiyini və AQEM-in Beyin Mərkəzləri Forumunun ilk dəfə olaraq Çindən kənarda məhz Azərbaycanda baş tutmasının əlamətdar olduğunu vurğulayıb.

O, ölkəmizin digər beynəlxalq təşkilatlarda həyata keçirdiyi siyasətin AQEM-ə sədrliyi dönəmində də uğurla davam etdiriləcəyinə, Çin və Avropanı birləşdirən dəhlizlərin qovşağında yerləşən ölkəmizin ölkələr və xalqlar arasında sülh, təhlükəsizlik və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.