Türkiyəli idmançı: Azərbaycandakı oyun şəraiti və mühiti çox yaxşıdır

Buraya 5 nəfərlik heyətimizlə gəlmişik. Daha əvvəl Azərbaycana üç dəfə səfər etmişik. Azərbaycandakı oyun şəraiti və mühit çox yaxşıdır. Burada olmağımızdan məmnunuq. Ümid edirik ki, gözəl və uğurlu bir turnir keçirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn Türkiyənin çövkən idman növü üzrə heyətinin üzvü Fatih Köse bildirib.

İdmançı qeyd edib ki, qədim tarixə malik oyunun inkişafında Türkiyə də Azərbaycanla birlikdə səylərini davam etdirir.

"Bu qədim oyun Azərbaycanda yüz illərdir fasiləsiz oynanılır. Oyunun tarixi 2 400 il əvvələ gedib çıxır. Yaxın zamanda Türkiyədə də bu oyunu təkrar oynamağa başlamışıq və Azərbaycanla birlikdə oyunun inkişafını davam etdiririk", - deyə o, vurğulayıb.