Belarusun idman və turizm nazirinin müavini: Azərbaycanın qonaqpərvərliyinə və istənilən idman tədbirini keçirmək imkanlarına bir daha əmin olduq

Azərbaycanda təşkil edilən III MDB Oyunlarında çox yaxşı infrastruktur var. Sizə böyük təşəkkür düşür. Bu cür şərait üçün minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Belarusun idman və turizim nazirinin müavini Aleksandr Baraulya Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları barədə jurnalistlərə açıqlamasında deyib.

Qonaq bildirib ki, Oyunların belə isti, səmimi mühiti iştirakçı ölkələr arasında münasibətlərin qurulmasına müsbət təsir edəcək: "Çünki buraya gələn idmançılar ünsiyyət qururlar, bir-birlərini yaxından tanıyırlar. Biz bir daha Azərbaycanın qonaqpərvərliyinə və istənilən idman tədbirini keçirmək imkanlarına əmin olduq. 2015-ci ildə Avropa Oyunları Bakıda ən yüksək səviyyədə keçirilib, dünya və Avropa çempionatları, hətta Formula-1 mərhələsi də uğurla təşkil olunub. Burada çox güclü rəqabət var. Azərbaycan, Özbəkistan və Qazaxıstan komandaları çox güclüdür. Bu gün burada - Gəncədəyik, Yevlax və Göygöldə də olduq. Obyektlər çox yaxşı hazırlanıb, müasir standartlara cavab verir. Əksəriyyəti yeni tikilib. Gəncə İdman Sarayını artıq qeyd etdim – çoxfunksiyalıdır, bir çox idman növləri üzrə yarış keçirmək mümkündür. Tamaşaçılar üçün də hər cür şərait var, geniş dəhlizlər, rahat imkanlar. Hər şey əladır".

Belaruslu nazir müavini MDB Oyunlarının gələcək taleyindən də söz açıb: “Hamının arzusu bu Oyunların davam etməsidir. Növbəti təşkilatçı ölkə ilə bağlı bu ilin sonuna qədər qərar veriləcək”.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.