Fatma Meriç Yılmaz: Dillərimizi qulaqlıqsız başa düşə biləcəyimiz mühitə doğru irəliləmək niyyətindəyik

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsi bir-biri ilə sıx əməkdaşlıq edən qardaş təşkilatlardan ibarətdir. Həmçinin TDT-nin üzvlərinin tarixi, mədəni və ənənəvi yaxın əlaqələri var. Bu baxımdan, bir ildir ki, əsasən, könüllülük və təbii fəlakətlərə hazırlıq sahəsində çox uğurlu fəaliyyətlər həyata keçirmişik.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz deyib.

O qeyd edib ki, hazırda vacib məqam gənclərin bu təşkilatda formalaşması və bir araya gəlməsidir. “Bu məqsədlə Türkiyədə könüllü gənclər üçün bir həftəlik düşərgə təşkil olunub. Səkkiz fərqli ölkədən gələn 55 gənc bu düşərgədə bir araya gəlib. Onlar bir-birlərinin mədəniyyətlərini tanıyıb, fikir mübadiləsi aparıb, yeni əlaqələr yaradıblar və hələ də bir-birləri ilə əlaqədədirlər. Mənim üçün bu gün də gənclərimizin yenidən bir araya gəldiyini görmək böyük sevincdir. Çünki əsas dəyər məhz budur. Əlbəttə ki, biz birlikdə olanda daha güclüyük. Təbii fəlakətlərə qarşı daha hazırlıqlıyıq, sosial yardımlarda daha səmərəliliklə fəaliyyət göstəririk və könüllülük baxımından daha güclüyük. Bu səbəbdən bu gün burada olmaq bizim üçün çox xoşdur”,- deyə Fatma Meriç Yılmaz vurğulayıb.

Cəmiyyət sədri əlavə edib ki, Azərbaycan bütün türk dövlətlərinin dillərini anlaya bilən əlaqə nöqtəsidir. “Buradakı insanlar hər kəsi öz dilində anlaya bilir, bu isə üzvlər arasında anlaşmanı və birliyi gücləndirir. Biz hələ də bir-birimizi daha yaxşı anlamaq üçün səy göstəririk. Bu baxımdan, gələcəkdə dillərimizi qulaqlıqsız bir şəkildə başa düşə biləcəyimiz mühitə doğru irəliləmək niyyətindəyik. İnanıram ki, bu il könüllülük sahəsində və üzvlərimizin bir-birini daha yaxşı tanıması istiqamətində daha çox uğurlar əldə edəcəyik. Azərbaycana bu mövzuda liderlik etmək çox yaraşır”, - deyə o diqqətə çatdırıb.