Su qıtlığı riskinə qarşı ADSEA hansı təcili tədbirləri görür?

Ölkədə yağıntıların azalması və çaylardakı su səviyyəsinin düşməsi səbəbilə yaranan su qıtlığı riskinə qarşı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) hansı təcili tədbirləri görür?

ADSEA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, su ehtiyatlarının azalmasının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi çay hövzələrinin mütəmadi monitorinqinin aparılmasını təmin edir, rəqəmsal idarəetmə sistemlərinin geniş tətbiqini həyata keçirir.

“Su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks hidroloji və hidrogeoloji tədqiqat işlərinə başlanılıb. Mil düzənliyinin yeraltı su obyektlərinin ehtiyatlarının yenidən qiymətləndirilməsi istiqamətində Dövlət Geoloji İnformasiya Fondundan əldə olunmuş fond materialları əsasında təhlillər aparılaraq layihə-smeta sənədləri hazırlanıb. Ölkənin digər əraziləri üzrə kəhrizlərin yenidən qiymətləndirilməsi üzrə layihə-smeta sənədləri hazırlanıb. Yerüstü su obyektləri haqqında məlumatların toplanması qismən təmin edilib. Müfəssəl məlumatların əldə olunması məqsədilə fond materiallarının təqdim edilməsi üçün ADSEA-nın müraciəti ETSN tərəfindən icradadır. Bütün bunlarla yanaşı digər genişmiqyaslı tədbirlər çərçivəsində layihələr hazırlanır və icra olunur”, - deyə qurumdan bildirilib.