Bu gün növbəti köç karvanı ilə Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Trend xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
13:02
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu gün Şükürbəyli kəndinə 39 ailə olmaqla 165 nəfər qayıdıb.
Qeyd edək ki, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin 615 ailənin köçürülməsi nəzərdə tutulur.
xxx
06:04
Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Trend xəbər verir ki, Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.