Demək olar hər gün dövlət hesabına orqan transplantasiyası əməliyyatları icra edilir. Təxminən son bir ay yarım müddətində 10 xəstə üzərində qaraciyər, 20 xəstə üzərində isə böyrək transplantasiyası əməliyyatları icra olunub.
Bu barədə AZƏRTAC-a Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.
“Transplantasiya əməliyyatları iki hissədən ibarətdir: donor və resipiyent üzərində aparılan əməliyyat. Transplantasiya əməliyyatları iki salonda iki komanda tərəfindən icra olunur. Donordan götürülən orqan orqanqoruyucu məhlulla yuyulub təmizlənir, nəql edilmək üçün damarların hazırlığı görülür, sonra isə transplantasiya olunur. Bu, ciddi diqqət tələb edən işdir. Hər hansı bir yanlışlıq olarsa, orqan keyfiyyətini itirə və orqan transplantasiyasına ciddi mənada əngəl yarada bilər”, - deyə M.Kazımi əlavə edib.
Materialı hazırlayarkən AZƏRTAC-ın əməkdaşları icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində həyata keçirilən böyrək transplantasiyası əməliyyatında iştirak ediblər. Əməliyyat nəticəsində xəstəyə öz bacısının sol böyrəyi köçürülüb.
Qeyd edək ki, son illər Azərbaycan səhiyyəsində aparılan köklü islahatları onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin əsas istiqamətlərini təşkil edib.
İcbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində aparılan islahatların mühüm istiqamətlərindən biridir. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sistemi xüsusi əhəmiyyət kəsb edir.
Hazırda icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir ki, onlar arasında orqan transplantasiyası da yer alıb. Orqan transplantasiyasının xidmətlər zərfinə daxil edilməsi neçə-neçə maddi imkanı zəif olan xəstənin dövlət hesabına sağlamlığına qovuşmasına vəsilə olur.