“Ağdam şəhəri yaşıl şəhər kimi bərpa olunacaq” - Emin Hüseynov

Ağdam, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycanın hər yerində olduğu kimi, işğaldan azad olunmuş əraziləri də əhatə edir. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Dövlət Turizm Agentliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları və Ağdam könüllüləri ilə bir yerdə ağacəkmə tədbirini keçirdik.

DHA Press-in bölgə müxbiri xəbər verir ki bunu Ağdamda jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, aksiya zamanı Ağdam Sənaye Parkının yanında 1 hektar ərazidə 500 ədəd iynəyarpaqlı ağac əkilib: “Bu tədbirlər bundan sonra da davam edəcək. Bu gün Xaçınçay su anbarına balıq buraxılışını da həyata keçirdik. Bütün bunlar doğma Qarabağa həyatın qayıdışını ehtiva edir”.

Ulu Öndər Heydər Əliyevin Qarabağın inkişafında misilsiz xidmətlər göstərdiyini qeyd edən Emin Hüseynov deyib: “Ulu Öndər Qarabağın inkişafında misilsiz rola malik olub. Qarabağın hər bir yerini qarış-qarış gəzib və hər zaman burada gedən inkişaf prosesini dəstəkləyib. Təəssüflər olsun ki, işğal dövründə mənfur düşmən Qarabağımızda çox böyük vandalizm aktları həyata keçirib. 9 şəhər yerlə-yeksan olunub. 50 min hektardan çox meşə fondu qırılıb, total ekosit törədilib. Ekologiyaya, təbiətimizə dəyən bu zərəri biz uzun müddət bərpa etməli olacağıq və bu istiqamətdə məqsədyönlü iş gedir. Ümid edirəm ki, Ağdam şəhəri, Qarabağın hər bir bölgəsi yaşıl şəhər kimi bərpa olunacaq”.