Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir

Xırdalan, 17 aprel, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli şəkildə qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər planı imzalanıb, planın yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Təkilat komitəsi yaradılıb. Tədbirlər planında müxtəlif forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalarının, konsert proqramlarının, Azərbaycan günlərinin və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. İlin əvvəlindən Ulu Öndərin 100 illik yubileyi Həştərxan vilayətində qeyd edilməyə başlanılıb, bir sıra tədbirlər həyata keçirilir.

Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı may ayının əvvəlində keçiriləcək təntənəli tədbirlərin müzakirəsi və qarşılıqlı əlaqələndirilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan şəhərində səfərdə olub.

Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı öncə Həştərxan hökuməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin sədri Vladimir Qolovkov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Vilayətin hökumət üzvlərinin iştirakı ilə Ulu Öndərin xatirəsinə ağaclar əkiliv. Volqa çayı sahilində yerləşən Heydər Əliyev parkında Azərbaycan tərəfindən aparılan əsaslı təmir-bərpa və geniş yaşıllaşdırma işlərinə birgə baxış keçirilib, Heydər Əliyev parkını Volqa çayının qarşı tərəfi ilə birləşdirən “Dostluq Körpüsü”ndə tamamlanmış yenilənmə işləri ilə tanışlıq olub.

Həştərxan şəhərində yerləşən II Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilib, əbədi məşəl önünə güllər qoyulub.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolunun olduğunu vurğulayan İ.Babuşkin Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini deyib.

Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açıb, Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirib.

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təntənəli şəkildə keçirilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sərəncamı ilə yaradılmış Təşkilat komitəsinin üzvləri ilə Azərbaycan İş Mərkəzində müşavirə keçirilib. Müşavirədə Həştərxan vilayətində və ölkəmizdə keçiriləcək birgə tədbirlər bir daha nəzərdən keçirilib, həmin tədbirlərin qarşılıqlı koordinasiya edilməsi və nəzərdə tutulan geniş tərkibli forum və görüşlərlə bağlı bir sıra məsələlər ətraflı müzakirə edilib. Bir çox təntənəli tədirlərin, o cümlədən Həştərxan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Həştərxan incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii proqramın may ayının əvvəlində keçirilməsi qərara alınıb.

Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəb ziyarət edilib, məktəbin foyesində Ümummilli Liderin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi yad edilib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova Ulu Öndərin 100 illik yubileyi ilə bağlı müsabiqələrin, telekörpü formatında dialoqun və digər müxtəlif səpkidə bir sıra tədbirlərin keçirildiyini, Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəblə birgə bir neçə layihə üzərində işlədiklərini bildirib.

 

Gallery