Şuşada ideoloji mübarizədə din amili ilə bağlı seminar keçirilir

Şuşa şəhərində "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminar öz işinə başlayıb.

Trend-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, seminarda respublikanın aparıcı media orqanları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, seminarın məqsədi din, vicdan azadlığı mövzularının mediada işıqlandırılması, həssas məqamlara diqqət edilməsidir:

"Düşünürük ki, media nümayəndələrinin gələcək işi üçün onlarla fikir mübadiləmiz faydalı olacaq. Seminarın məqsədi qarşılıqlı məlumat mübadiləsidir. Seminarda aparıcı media orqanlarının, demək olar ki, hamısının nümayəndəsi iştirak edir. Eybi zamanda su sahənin tanınmış mütəxəsisləri ekspert qismində iştirak edir. Din mövzusu həssas məsələdir. Bu mövzunu mediada işıqlandırarkın həssas məqamlara xüsusi önəm yetirilməsi bizim üçün önəmlidir. Bu istiqamətdə media nümayəndələri ilə fikir mübadiləsi aparmaq istərdik".

Azərbaycanda dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, media qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılmasına nail olmaq məqsədi daşıyan seminar çərçivəsində peşəkar media mütəxəssislərinin mühazirələri dinlənilir, interaktiv müzakirələr aparılır, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil edilir.

İkigünlük regional seminarın ilk günündə açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli çıxış ediblər.

Seminarın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” adlı ilk sessiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Günün sonunda iştirakçılar üçün Şuşadakı tarixi, dini abidələri əhatə edən mediatur təşkil edilib.

 

Tədbir sentyabrın 24-də “Dini radikalizmlə mübarizə və media” mövzusunda ikinci sessiya ilə davam etdiriləcək. Moderator qismində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun çıxış etdiyi sessiyada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan üçüncü sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunacaq. Seminarın Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”-in redaktoru Seyfəddin Hüseynlinin çıxış edəcəkləri sonuncu sessiyası müzakirələrlə yekunlaşacaq.

“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatacaq.

Azərbaycan respublikasının himni ilə başlayıb. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Gallery