COP29 -  Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir ŞƏRH

Ölkəmizdə dünyanın ən böyük və əhəmiyyətli dövlətlərarası tədbirlərindən biri olan COP29-un keçirilməsi üçün böyük hazırlıqlar gedir. BMT-nin genişmiqyaslı tədbirlərindən biri olan COP-da hər il dünyanın müxtəlif yerlərindən olan dövlət və hökumət nümayəndələri toplaşaraq iqlim dəyişiklərinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Ümumilikdə belə tədbirlərdə 100 minə yaxın insan iştirak edir. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin 5 regional qrupu arasında rotasiya edilir.

Bunu AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, COP29-un bu il noyabrın 11-22-də keçirilməsi nəzərdə tutulsa da, ümumiyyətlə, bu istiqamətdə işlər bir il müddətində həyata keçirilir. COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi dünyanın ən aktual iqlim problemlərini, eləcə də unudulmuş prioritetlərini gündəmə gətirir. Həmçinin geniş iştirakçı auditoriyasının bir araya gəlməsinə şərait yaradır. Sözügedən gündəlik, həmçinin COP-un Qafqazda ilk dəfə keçirilməsi ilə əlaqədar Azərbaycanın imkanlarını və iqlim dəyişmələrinə qarşı mübarizəyə verdiyi unikal töhfələri də əks etdirir. Fəaliyyət Gündəliyi COP29 Sədrliyinin iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səylərini təmsil edir və digərləri ilə yanaşı, enerji, maliyyə, kənd təsərrüfatı, şəhərlər, insan inkişafı, eləcə də iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri ehtiva edir. Eyni zamanda, keçmiş təcrübənin öyrənilməsi və gələcək tədbirlərə ötürülməsi məqsədilə COP28-BƏƏ, COP29-Azərbaycan və COP30-Braziliya “COP Sədrlikləri Üçlüyü” (“Troyka”) formatında əməkdaşlıq yaradılıb. COP29 çərçivəsində “Üçlük” tərəfindən əsas diqqət Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin növbəti mərhələsi - 1,5⁰C hədəfinə çatmaq üçün Yol Xəritəsi çərçivəsində ambisiyaları stimullaşdırmaq olacaq.

“Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və Günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə kimi 1,5C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz hədəflərini yeniləyəcək. Həmçinin yaşıl enerji sahəsində investisiyalar qoyularaq, böyük infrastruktur layihələr həyata keçirilməyə başlanılıb. Bu sahədə geniş və mütərəqqi təcrübəyə malik olan şirkətlər və dövlətlərlə əməkdaşlıq edilir. Yaşıl resurslardan əldə olunacaq enerjinin ixracı üçün bir çox ölkələrlə müqavilələr bağlanılır. İşğaldan azad olunmuş ərazilərimiz Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan edilib və bütün infrastruktur layihələri yaşıl enerji meyarı əsasında qurulur. Bunun sonradan bütün ölkə ərazisinə şamil edilməsi planlaşdırılır”, - deyə politoloq vurğulayıb.