Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərimizdə 100.000 hektara yaxın meşənin yandırıldığı aşkar olunub.

Bunu “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Trend-in sualına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

O bildirib ki, yeraltı təbii sərvətlərimiz, mineral xammal ehtiyatlarımız heç bir ətraf-mühit tələbləri gözlənilmədən talan edilib.

“Çünki bütün təbii sərvətlərin istismarının özünün ekoloji tələbləri var ki, bu, həm ətraf-mühitə təsirlərin azalmasına, eyni zamanda, həmin resursların davamlı şəkildə istifadəsinə gətirib çıxarıb. Lakin bu normalar gözlənilmədikdə artıq həmin resursların tükənməsi ətraf-mühitə ciddi təsir göstərir”.

Şöbə müdiri bildirib ki, bununla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazilərimiz, digər təbii sərvətlər talan edilib.

“Su resursları çirkləndirilib. Hələ işğal dövründə "Sərsəng" su anbarından suyun istifadə rejimi nəticəsində işğalda olmayan kəndlərdə və yaşayış məntəqələrində suvarmada çətinliklər yaranmışdı. Bu, yay aylarında ciddi quraqlıq, kənd təsərrüfatında çətinliklər, torpağın deqradasiyası, qış aylarında isə subasmalara gətirib çıxarırdı”.