ELM və TƏHSİL: Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Oktyabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan AMEA-nın akademik-katibi akademik Arif Həşimov Azərbaycan şərqşünaslıq elminin inkişafında professor Aida İmanquliyevanın böyük rolu olduğunu qeyd edib. O, alimin şərqşünaslıq elmində ərəbşünas ədəbiyyatşünaslar məktəbinin əsasını qoyduğunu vurğulayaraq, ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində elmə böyük töhfələr verdiyini bildirib.

Konfransda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın “Görkəmli şərqşünas, unudulmaz şəxsiyyət” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın dərin nəzəri bilikləri, yüksək erudisiyası, geniş mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət qazandırıb.

Aida İmanquliyevanın Azərbaycanda Şərq-Qərb qarşılıqlı əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk alim olduğunu deyən akademik, onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezinin, yaradıcı üslubun inkişafının və yeni bədii üslubun təşəkkül tapmasının tədqiq olunduğunu, onun hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürərək mədəni tərəqqini şərtləndirən amillərə istinad etdiyini qeyd edib.