“Kosmik səyahət: ulduzlara doğru” - tədbir

Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə Tusi-Bohm Planetariumda Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Kosmik səyahət: ulduzlara doğru” adlı tədbir keçirilib.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, təşəbbüsün məqsədi kosmik tədqiqatların və texnoloji tərəqqinin insan cəmiyyətinin inkişafına verdiyi töhfəyə diqqət çəkməkdir.

Tədbiri açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov kosmos haqqında ümumi anlayışların şərhini verib. Bildirib ki, Yerdə baş verən bir çox məsələlərin izahı məhz kosmosdadır. Bu baxımdan Ümumdünya Kosmos Həftəsinin qayəsi cəmiyyəti kosmosun tədqiqindən gələn faydalar haqqında maarifləndirmək, iqtisadiyyatın inkişafını stimullaşdırmaq üçün kosmosdan istifadəni təbliğ etmək, elm və təhsilin populyarlaşdırılması, həmçinin kosmosun təbliği vasitəsilə xalqların əməkdaşlığı üçün zəmin yaratmaqdır.

Sonra rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli Ümumdünya Kosmos Həftəsinin tarixi, mahiyyəti və əhəmiyyəti ilə bağlı məruzə edib. Bildirib ki, BMT Baş Assambleyası 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul edib. Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub. Hər il bir həftə boyunca Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda “Açıq qapı” günləri, film təqdimatları, tanınmış astronomlarla görüşlər və digər tədbirlər keçirilir.

Daha sonra tədbir iştirakçılarına “Kosmosa doğru” adlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, oktyabrın 12-də rəsədxanada Ümumdünya Kosmos Həftəsi çərçivəsində növbəti “Açıq qapı” günü keçiriləcək

Gallery