Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin formalaşması üçün maraqlı tərəflər bir araya gəlməlidir. Kibertəhlükəsizlik və yeni kibermüdafiə üsulları sahəsində normativ-hüquqi sənədlərin işlənməsi, eyni zamanda, praktiki işlərin görülməsi ilə bağlı ciddi məsələlərin müzakirəsi üçün bu cür təlimlərin keçirilməsi vacibdir. Bu tip platformalar daha çox olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Bakıda “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda keçirilən təlimin açılışında bildirib.
“Bu təlimlərin digər beynəlxalq tərəfdaşlarımız, xüsusilə Türkiyədən olan dostlarımızla keçirilməsi çox təqdirəlayiqdir. Bugünkü mövzu kifayət qədər ciddi və əhəmiyyətli məsələyə həsr olunub. Texnologiyaların inkişafı informasiya sistemlərinin qorunması zərurəti yaradır. İnformasiya sistemlərinin qorunmasında kiberintellekt həllərinin ortaya qoyulması və bu istiqamətdə süni intellektin tətbiqi kifayət qədər bilik və təcrübə tələb edir. Texnologiyaların inkişafı yeni mübarizə üsullarını da zəruri edir. Belə məqamda süni intellekt əsaslı texnologiyalar təhdidlərin müəyyən olunması və onların gələcək proqnozlaşdırılması ilə bağlı ciddi məqamlar ortaya qoyur. Bu, hücumların həm spesifikasının formalaşması və təyin olunmasını, həm də onunla mübarizənin kifayət qədər yeni üsullarının ortaya çıxmasını tələb edir. Bu istiqamətdə universitetlərin və tədqiqat mərkəzlərinin rolu kifayət qədər artır, onların sənaye müəssisələri ilə daha ciddi əməkdaşlığı zərurəti ortaya çıxır”, - deyə rektor əlavə edib.
Ə.Vəliyev deyib ki, informasiya təhlükəsizliyi istiqamətində Azərbaycanda kadr hazırlığı kifayət qədər artırılmalıdır. “Əsas məqam doktorlar səviyyəsində proqramların artırılmasıdır. Çünki biz həmin proqramları həyata keçirmək üçün, ilk növbədə, öyrədənlərin öyrənməsini təmin etməliyik. Bu yöndə qısa və ortamüddətli birgə proqramların həyata keçirilməsi mümkün ola bilər. Bu, nəticədə universitetlərin bazalarının artırılmasına kömək edəcək. Digər bir məqam bütün sferalarda elmi-tədqiqatların aparılmasıdır. Eyni zamanda, audit işlərinin aparılması, texnoloji məsələlərin, bu istiqamətdə standartların öyrənilməsi əhəmiyyətlidir”, - deyə rektor vurğulayıb.
Rektor bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ölkəmizdə həyata keçirdiyi kibertəhlükəsizliyə dair tədbirlərdə ali təhsil ocağının müəllim və tələbə heyəti yaxından iştirak edir.