“Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı mənim səkkiz il ərzində apardığım araşdırmanın nəticəsi olaraq işıq üzü gördü. Kitabın əsasını doğum yeri Azərbaycan, vəfat yeri isə İstanbul olan, Azərbaycanın istiqlal mübarizəsi və Türkiyə qarşısında böyük xidmətləri olan həmvətənlərimizin həyat hekayəsi təşkil edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulda təqdim edilən “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının müəllifi, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd söyləyib.
Nəşrin İstanbuldakı Feriköy, Qaraca Əhməd, Zəncirli Quyu kimi müxtəlif qəbiristanlıqlarda dəfn olunmuş Azərbaycanın görkəmli şəxsiyyətlərinin məzarları əsasında yazıldığını qeyd edən müəllif deyib: “Səkkiz il ərzində bütün bu məzarları araşdırıb aşkara çıxardım. Kitabda, həmçinin şəxsi arxivimdən və Türkiyə ilə Azərbaycandakı arxiv sənədlərindən istifadə edilib. Elə bu arxivlər əsasında mən həmin insanların həyat hekayələrini yazmağa başladım”.
O deyib ki, İstanbulda dəfn olunan azərbaycanlılar arasında ölkəmizi ilk dəfə istiqlaliyyətə qovuşduran insanlar da var: “Onlardan Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanzadə, maliyyə naziri Əbdüləli bəy Əmircan, eləcə də Azərbaycanı Parisdə tanıdan heyətin üzvlərindən Mir Yaqub Mehdizadə, Əks-inqilabla Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlı, ilk ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlərin adlarını çəkmək olar. İstanbulda məzarı olanlar arasında Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ictimai-siyasi şəxsiyyətlər də var. Bu insanların böyük əksəriyyəti “Feriköy” məzarlığında dəfn olunub. Elə bu səbəbdən də mən bu qəbiristanlığı Azərbaycanın İstanbuldakı “Fəxri xiyabanı” adlandırıram”.
Kitabın ərsəyə gəlməsində ona dəstək olan Azərbaycanın İstanbuldakı baş konsulluğu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinə (AİDA) təşəkkürünü ifadə edən Dilqəm Əhməd bildirib ki, nəfis tərtibatda hazırlanmış bu nəşrdə 500-ə yaxın fotoşəkil və sənəddən istifadə edilib.
“Bu kitabda təkcə İstanbulda dəfn edilən azərbaycanlılar haqqında məlumat verilir. Nəşrin davamı olaraq Ankarada və Türkiyənin digər bölgələrində də dəfn edilən azərbaycanlılar haqqında araşdırma aparıb kitab hazırlamağı planlaşdırıram. Əsas məqsədim Azərbaycanın görkəmli şəxsiyyətlərinin məzar yerlərinin unudulmaması üçün bir iş görməkdir”, - deyə müəllif bildirib.