Tarix Muzeyində güləbətin tikmələrlə bəzədilmiş yəhərüstü qorunur

Milli Azərbaycan Tarixi Muzeyində güləbətin tikmələrlə bəzədilmiş yəhərüstü qorunur. Təqdim olunan nümunə Şəki bölgəsinə məxsus əl işidir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Etnoqrafiya fondunda qorunan və təkəlduz, güləbətin kimi tikmə üsulları ilə bəzədilmiş yəhərüstülər Azərbaycan xalq sənətkarlığının incəliklərini və atçılıq mədəniyyətində estetikaya verilən yüksək önəmi əks etdirir. Əsasən məxmər parçalar üzərində tətbiq olunan tikmələr qabarıq və gözoxşayan görünüşü ilə seçilir.

Azərbaycanda qədim dövrlərdən bəri atlar insanların həm hərbi, həm də məişət həyatında mühüm rol oynayıb. Bu heyvanlar döyüşlərdə dözümlü olması ilə fərqlənmiş, həmçinin onlardan ticarət yollarında və kənd təsərrüfatında etibarlı vasitə kimi istifadə edilmişdir. Eyni zamanda, atların bəzədilməsində istifadə edilən aksesuarlar, bəzək elementləri onların statusunu göstərmişdir.