Azərbaycanda ilk dəfə olaraq Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində optometriya ixtisası üzrə kadr hazırlığına başlanılıb.
AZƏRTAC xəbər verir ki, optometriya - gözlərin və əlaqəli strukturların qüsur və ya anormallıqlarının müayinəsini əhatə edən ixtisaslaşmış sağlamlıq peşəsidir. Optometristlər bu sahədə ixtisaslaşmış, göz xəstəlikləri və ya görmə problemləri olan xəstələrin görmə keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan tibb işçiləridir.
1 nömrəli Bakı Tibb Kollecinin şöbə müdiri Sədaqət Quliyeva bildirib ki, optometrist oftolmoloq kimi başa düşülməməlidir: “Optometrist oftolmoloq-həkim tərəfindən diaqnoz təyin edildikdən, göz əməliyyatı icra edildikdən sonra xəstəni izləyir, lazım gələrsə, eynək və ya linzalar təyin edir. Optometristlər hər cür reseptli-reseptsiz eynək şüşə və çərçivələrinin hazırlanması, yığılması və kontakt linzaların satışı ilə məşğul olurlar. Həmçinin optika müəssisələrində məsul menecer kimi işləyə bilirlər”.
Onun sözlərinə görə, 1 nömrəli Bakı Tibb Kollecində optometriya ixtisası üzrə ilk qəbul zamanı 15 abituriyent tələbə adını qazanıb. Bildirib ki, kollecdə tələbələrin keyfiyyətli kadr kimi yetişə bilmələri üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, optometriya ixtisası üzrə kadr hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”ndakı dəyişikliklərə əsasən həyata keçirilir.