Mədəniyyət sahəsinə dəstək, xalqımızın irsinin qorunması, öyrənilməsi və təbliği Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub və olaraq qalır. Bu, dahi Nizami Gəncəvinin yaradıcılığına da aiddir.
Bu sözləri Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov AZƏRTAC-ın Ankaradakı müxbirinə müsahibəsində Prezident İlham Əliyevin 2021-ci ilin respublikada “Nizami ili” elan edilməsi haqqında qərarını misal gətirərək deyib.
“Böyük şair və mütəfəkkirin irsinin təbliği və tədqiqinə həsr olunmuş tədbirlərin proqramı bir illə məhdudlaşmırdı. Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə çoxsaylı proqram və tədbir, o cümlədən Nizami Gəncəvinin əsərlərinin müxtəlif dillərə tərcüməsi layihələri həyata keçirilib”, - deyə nazir müavini bildirib.
F.Cəfərov Ankarada Nizami Gəncəvinin əsərlərinin türk dilinə tərcümələrinin təqdimat mərasiminə diqqət çəkib. “Türkiyə ictimaiyyətini dahi Nizaminin yaradıcılığı ilə tanış etmək üçün Atatürk Universitetinin (Ərzurum) müəllimi, professor, tərcüməçi Nimet Yıldırımla müvafiq razılıq əldə olunub. Ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə həyata keçirilən layihənin özəlliyi böyük mütəfəkkirin şeirlərinin orijinaldan türk dilinə tərcüməsi olub”, - deyən nazir müavini Nizaminin məşhur “Xəmsə”sində yer alan beş şeirdən ikisinin – “İsgəndərnamə” və “Sirlər xəzinəsi” poemalarının artıq türkcəyə tərcümə olunduğunu bildirib.
F.Cəfərov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. “İki qardaş ölkənin Mədəniyyət nazirlikləri arasında daimi işçi komissiyası fəaliyyət göstərir. Digər məsələlərlə yanaşı, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, o cümlədən Nizami haqqında məlumatların Türkiyədə təhsil proqramlarının tədris planına salınması məsələsi müzakirə olunur. Bundan başqa, Azərbaycanın tarixi və mədəniyyətinə dair məlumatların Türkiyənin tarix dərsliklərində əksini tapmasını vacib hesab edirik”, - deyən nazir müavini dahi Nizami və Füzulinin irsini bu istiqamətdə görülən işlərin prioritet istiqaməti adlandırıb.
“Hesab edirik ki, bu il bu məsələdə real irəliləyiş gözləmək olar”, - deyə nazir müavini sözlərini yekunlaşdırıb.