Fevralın 26-da Ankaranın Qızıl ay bölgəsindəki Metro sənət qalereyasında Xocalı soyqırımına həsr olunmuş sərginin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, soyqırımı dəhşətlərinin fotoşəkillərdə əks olunduğu sərgi Ankara bələdiyyəsinin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə reallaşıb.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən həyata keçirilən işğal, deportasiya və soyqırımı siyasəti haqqında danışaraq, əsas məqsədin Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” dövlətini yaratmaq olduğunu söyləyib.
O, dinc Azərbaycan türklərinə qarşı həyata keçirilən bu soyqırımı bəşəriyyət adına böyük ləkə və insanlıq adına cinayət adlandıraraq, Xocalı soyqırımının cinayətkarlarının cəzalandırılmasının vacib olduğunu bildirib.
Sərgi iki gün davam edəcək.