Rusiyanın Xabarovsk diyarındakı “Azərbaycanlıların birliyi” İctimai Təşkilatı burada keçirilən Maslenitsa bayramında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Xabarovsk diyarındakı “Azərbaycanlıların birliyi” İctimai Təşkilatı bu vilayətdəki Xalqlar Assambleyasının tərkibində kütləvi bayram tədbirlərinin bir hissəsi olub. Bayram şənlikləri səmimi, dostluq ab-havasında keçib, müxtəlif xalqları və mədəniyyətlərin nümayəndələrini bir araya gətirib.
Festivalın qonaqları Birliyin rəqs qrupunun canlı çıxışını maraqla qarşılayıblar. Sənətçilər məşhur “Sarı gəlin” kompozisiyasında küplərlə ənənəvi Azərbaycan rəqsi ifa ediblər. İncə hərəkətlər, milli geyimlər və orijinal musiqi tamaşaçıları valeh edib və tədbirin ən maraqlı məqamlarından birinə çevrilib.
Bundan əlavə, Birlik nümayəndələri qonaqları mehribanlıqla qarşılayıblar: burada olan hər kəs dadlı qutabların, şərq şirniyyatlarının dadına baxıb, ətirli çaydan həzz alıb.
Bayram şənliyində şəhər meri Sergey Kravçuk, Mərkəzi Dairə Administrasiyasının rəhbəri İştvan Brısin və Xabarovsk diyarı Xalqlar Assambleyasının sədri Vladimir Beyk iştirak ediblər.