Arxeologiya və Antropologiya İnstitutu Aqtöbe Universiteti ilə əməkdaşlıq edəcək

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Qazaxıstan Respublikası Kudaybergen Jubanov adına Aqtöbe Regional Universitetinin nümayəndələrini qəbul edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aqtöbe Regional Universitetinin rektoru təhsil üzrə fəlsəfə doktoru xanım Laura Karabasovanın başçılıq etdiyi nümayəndə heyətində universitetin strateji inkişaf üzrə prorektoru Dastan Husainov və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Mayra Aldiyarova təmsil olunublar.

Qazaxıstanlı qonaqlarla görüşdə F.Quliyev bildirib ki, rəhbərlik etdiyi institutun arxeologiya sahəsi üzrə türk respublikaları, o cümlədən Qazaxıstan Respublikasının arxeoloji tədqiqat qurumları ilə əməkdaşlığı illər əvvələ söykənir. Artıq Qazaxıstanın bir çox tanınmış arxeoloqları ilə şəxsi əlaqələr qurulub, arxeoloji tədqiqat və elmi tədbirlərdə konstruktiv işbirliyi mövcuddur. “Türk dövlətlərinin elmi mərkəzləri, xüsusilə arxeologiya sahəsində, yəni ortaq tarixin kəsişən nöqtələrinin araşdırılması üzrə işbirliyinin qurulması müasir dünyanın çağırışıdır”, – deyə F.Quliyev vurğulayıb.

Bakıya gəlişindən məmnunluğunu bildirən xanım L.Karabasova Qazaxıstanda gənc tədqiqatçı alimlərin hazırlanması və ümumiyyətlə, elmə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətdən söz açıb. Bildirib ki, Aqtöbe Regional Universiteti artıq 2020-ci ildən Avropa və Mərkəzi Asiyanın inkişaf edən ölkələrinin QS Dünya Universitetləri Reytinqinə daxil edilib. O, türk ölkələrinin elmi-tədqiqat və təhsil müəssisələri arasında əməkdaşlığın qardaş xalqların elm sahələrinin inkişafı üçün böyük perspektivlər açdığını qeyd edib.

Daha sonra tərəflər arasında müddəaları öncədən razılaşdırılmış əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişdə Aqtöbe Regional Universiteti ilə Arxeologiya və Antropologiya İnstitutu arasında arxeologiya sahəsində birgə tədqiqat layihələrinin gerçəkləşməsi, elmi təcrübənin mübadiləsi və gənc alimlərin hazırlanması nəzərdə tutulub.