Novruz bayramı ilə əlaqədar Gürcüstanda müxtəlif idman yarışları və el şənliyi təşkil olunub

Novruz bayramı ilə əlaqədar Gürcüstanın Laqodexi rayonun Qabal kəndində müxtəlif idman yarışları və el şənliyi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.

Səhər saatlarında at yarışları ilə başlayan tədbir konsert proqramı ilə başa çatıb. Gürcüstanın müxtəlif bölgələrindən gələn idmançılar güləş, kiqboks və marafon yürüşündə, eləcə də futbol və voleybol yarışlarında güclərini sınayıblar.

Marafonda ümumilikdə 150-dən çox həvəskar idmançı iştirak edib.

Qaliblərə kubok, diplom və pul mükafatları təqdim olunub.

Tədbir iştirakçıları həmçinin, yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgiyə baxıb, Novruz adət-ənənəsini yaşadaraq yumurta döyüşdürüb, paxlava və şəkərburanın, məşhur Borçalı qatlamasının dadına baxıblar.

Məktəblilər vətənə aid şeirlər söyləyib, milli geyimli oğlan və qızlar, eləcə də tanınmış musiqiçilər Azərbaycan və gürcü xalq və bəstəkar mahnı və rəqslərini ifa ediblər.

Tədbirdə azərbycanlılarla yanaşı gürcü ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.