Tbilisidə türkiyəli rəssamın əsərlərindən ibarət sərgi açılıb

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Gürcüstandakı Türk İş Adamları Birliyinin üzvü, rəssam Sevgihan Yavuzun əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “Xəyal gücünüzün işığında rənglərlə yürüyün” adlı sərgidə rəssamın yağlı boya və qrafika janrında çəkdiyi 40-a yaxın əsəri nümayiş etdirilib.

Sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Azərbaycan səfirliyinin məsul əməkdaşları, iş adamları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, rəsm qalereyasında Türkiyədən olan rəssamın əsərlərindən ibarət sərginin açılması və bu tədbirdə türk, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin birgə iştirak etməsi xalqlarımız arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

“Biz M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi olaraq biz bu cür tədbirlərin davamlı olacağına çalışacağıq”- deyə, L.Əliyeva vurğulayıb.

Səfir Ali Kaan Orbay çıxış edərək M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında bu cür sərginin açılmasını yüksək qiymətləndirib və təşkiltçılara minnətdarlıq edib.

Rəssam Sevcihan Yavuz sərginin təşkilatçılarına minnətdarlıq edib.