Görkəmli rəssam Zurab Sereteli vəfat edib

Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, heykəltaraş Zurab Sereteli ömrünün 92-ci ilində vəfat edib.

AZƏRTAC xəbər verir ki, görkəmli rəssam 1934-cü ildə Tbilisidə anadan olub, 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Onun fərdi sərgiləri dünyanın aparıcı mədəniyyət mərkəzlərində, o cümlədən Moskvada, Bakıdakı Heydər Əliyev Mərkəzində, Parisdəki UNESCO-nun baş qərargahında, Romadakı San Salvatore Muzeyində, Veronadakı Palazzo della Gran Guardia mərkəzində, Kanndakı Festivallar və Konqreslər Sarayında keçirilib.

Zurab Sereteli 1995-ci ildə Rusiyada tamamilə müasir incəsənətə həsr olunmuş ilk dövlət muzeyini - Moskva Müasir İncəsənət Muzeyini qurub. O, 1997-ci ildə Rusiya Rəssamlıq Akademiyasının prezidenti seçilib. 2001-ci ildə Moskvada Zurab Sereteli İncəsənət Qalereyası, 2012-ci ildə isə Tbilisidə Müasir İncəsənət Muzeyi açılıb.

Z. Sereteli “Dostluq” ordeni ilə təltif edilib. UNESCO-nun xoşməramlı səfiri seçilən rəssam Zalsburqda Avropa Elmlər və İncəsənət Akademiyasının üzvü idi. O, həmçinin Fransanın Fəxri Legion ordeninin kavaleri, “İncəsənətdə ömürlük nailiyyət” mükafatı və Romadakı İncəsənət Akademiyasının Cüzeppe Şakki beynəlxalq mükafatının, UNESCO-nun “Beş qitə” medalının laureatı, Çin İncəsənət Akademiyasının üzvü olub.