78-ci Kann Film Festivalında qısametrajlı filmlər üzrə münsiflər heyətinə rejissor, ssenarist və prodüser Maren Ade sədrlik edəcək.
AZƏRTAC xəbər verir ki, Maren Ade rejissor Renaldo Markus Qrin, müğənni-bəstəkar Kameliya Jordana, fotoqraf və “Filmoteca Española”nın keçmiş direktoru Xose Mariya Prado və rejissor-ssenarist Nebojşa Slijepçeviç ilə birlikdə bu vəzifəni yerinə yetirəcək.
Onlar “Qızıl Palma budağı” və tələbə filmləri üçün seçilən üç “La Cinef” mükafatını təqdim edəcəklər. Münsiflər heyəti qısametrajlı filmlər müsabiqəsindəki 11 filmi, eləcə də “La Cinef Seçimi”ndə 16 filmi qiymətləndirəcəklər. Bu il qısametrajlı filmlər müsabiqəsində 4781 filmə baxıldıqdan sonra 11 qısametrajlı film mükafata təqdim olunacaq. Seçim 9 qısametrajlı bədii film və 2 qısametrajlı animasiya filmindən ibarətdir.
Cari il mayın 24-də 78-ci Kann Film Festivalının mükafatlandırma mərasimi zamanı Maren Adenin sədrlik etdiyi münsiflər heyəti tərəfindən ən yaxşı qısametrajlı film üçün "Qızıl Palma" mükafatı veriləcək.