Sərgidə mənim iki əsərim nümayiş olunur. Onlardan biri “Danışan dağlar”, digəri isə “Xəzər dənizi” adlanır. Bu, çox gözəl və dəyərli təşəbbüsdür. Mən tez-tez bu cür sərgilərdə, xüsusilə də səfirliklərin və konsulluqların təşkil etdiyi tədbirlərdə iştirak edirəm. Belə sərgilər vasitəsilə biz həm öz mədəniyyətimizi təqdim edirik, həm də müxtəlif ölkələrin rəssamları ilə tanış oluruq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında rəssam Röya Həsənzadə Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə açılan sərgi zamanı söyləyib.
Rəssamın sözlərinə görə, xarici qonaqlar onun əsərlərinə maraq göstərirlər. Əsərlərin yaranma prosesi haqqında danışan rəssam deyib: “Bu iki əsərin çəkilmə müddəti fərqli olub. Birini iki günə tamamlamışam, digəri isə bir aya yaxın vaxt aparıb. Bu, daha çox daxili hisslərdən və ilham mənbəyindən asılıdır. Mən düşündüm ki, mütləq Azərbaycana aid bir əsər olmalıdır. Çünki əsas məqsədimiz mədəniyyətimizi və tariximizi tanıtmaqdır".