Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb: Azərbaycandan Afaq Abbasova, Cahangir Novruzov, Əkrəm Poladov, Fatimə Cəfərzadə, Fərhad Bədəlbəyli, Fərid Əliyev, İlahə Rüstəmova, İnara Babayeva, Orxan Hüseynov, Mahir Tağızadə, Murad Adıgözəlzadə, Polad Bülbüloğlu, Yusif Eyvazov, Qazaxıstandan Azamat Jeltırquzov, Türkiyədən Ferda Yetişər, eləcə də rəqqaslar Berfu Elmas (Türkiyə), Dayna Kıdıralıyeva (Qırğızıstan), Ebru Elmas (Türkiyə), Eldiyar Marat oğlu (Qırğızıstan), Mustafa Çagatay Ozmen (Türkiyə), Nurjamal Moldoqaziyeva (Qırğızıstan), həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın Balet truppası, Azərbaycan Dövlət Xor Kapellası.
Qeyd edək ki, mayın 25-də - festivalın ikinci günü Cıdır düzündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun konserti olacaq. Orkestrə Murtuza Bülbül dirijorluq edəcək.
Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.