Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb. Konsert Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Heydər Əliyev və Milli Qurtuluş Günü ilə bağlı videoçarx nümayiş olunub. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış ediblər.
Bundan sonra partiyanın fəal üzvlərinə fəxri fərman və partiya vəsiqələri təqdim olunub.
Konsert proqramında Azərbaycanın Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru (bədii rəhbər və baş dirijor - Azərbaycanın Xalq artisti Ağaverdi Paşayev, xormeyster - Əməkdar artist Naala Barateliya) iştirak ediblər.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və muğamlar səsləndirilib.