Şəkidə keçirilən “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalında Türkiyəni təmsil etməkdən çox qürurluyuq. Bu festivalda ilk dəfədir iştirak edirik və dəvətə görə təşkilatçılara, eyni zamanda, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinə minnətdarlığımızı bildiririk.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Türkiyənin Sivas Folklor Təhsil Mərkəzi Xalq Musiqisi və Xalq Rəqsləri Birliyi kollektivinin rəhbəri Muhammed Selli deyib.
İndiyədək bir çox beynəlxalq tədbirlərdə iştirak etdiklərini bildirən kollektivin rəhbəri Şəki festivalına dəvətin onlar üçün çox önəmli olduğunu vurğulayıb. Muhammed Selli deyib: “Azərbaycandakı qardaşlarımıza Türkiyədən qucaq dolusu salamla gəldik. TÜRKSOY tərəfindən dəvət alarkən bizə dedilər ki, Azərbaycana gələrsinizmi, qonağımız olarsınızmı? Dedik ki, qonaq ola bilmirik. Çünki biz də ev sahibiyik. Qardaşlarımız bizi dəvət edib, başımız üstə yerləri var. Hər zaman deyirik ki, iki dövlət, bir millətik. Buraya gözəl ölkəmizin dörd bir yanından xalq oyunları, rəqslər, folklor, türkülər gətirdik. Dedik ki, burada qardaşlarımızla bərabər oynayarıq, oxuyarıq, əylənərik, ortaq mədəniyyətimizi bərabər yaşadarıq. Qardaşlarımıza gözəl bir konsert təqdim etdik”.