Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” adlı tammetrajlı bədii film ssenarisi üzrə elan edilmiş müsabiqənin qaliblərinin adı açıqlanacaq.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ümumilikdə 96 ssenari təqdim olunub və onlardan 71-i müsabiqəyə buraxılıb.
Yanvardan etibarən iştirakçılar üçün mütəmadi olaraq master-klaslar təşkil olunub. Final mərhələsinə vəsiqə qazanan işlər arasında qadın müəlliflərin sayının nəzərəçarpacaq dərəcədə artması, bu istiqamətdə aparılan işlərin nəticə verdiyini göstərir.
Müsabiqə qaliblərinin avqustun 2-dək elan edilməsi nəzərdə tutulub. Müsabiqədə I yerin sahibi 5 min AZN, II yerin qalibi 3 min 500 AZN, III yerin qalibi isə 2 min 500 AZN məbləğində pul mükafatı və diplomla təltif olunacaq.
Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində – iqtisadi, hərbi, diplomatik, sosial və mədəni həyatda aktiv rolunu nəzərə alan layihə, həm qadın müəlliflərin, həm də qadın qəhrəmanların sayının kinoda artmasına təkan verməyi hədəfləyir.