Türkiyənin Səhiyyə Nazirliyinin Erciyes Araşdırma və Tədris Xəstəxanasında müxtəlif ixtisaslar üzrə fəaliyyət göstərən azərbaycanlı həkimlər uğurları ilə seçilirlər.
AZƏRTAC xəbər verir ki, xəstəxananın professor-müəllim heyəti gənc nəsil həkimlərin yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə onların yalnız praktiki deyil, nəzəri biliklərinə də xüsusi önəm verir. Bu çərçivədə hər 6 aydan bir xəstəxananın müvafiq ixtisaslaşmış şöbələri üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə “Assistent Səviyyə Müəyyənləşdirmə imtahanı” təşkil olunur. Həmin imtahanlarda həkim-mütəxəssis (uzmanlıq) hazırlığı proqramına qatılan həkimlər iştirak edirlər.
Cari ilin iyul ayında keçirilmiş imtahanda pediatriya ixtisası üzrə təhsil alan azərbaycanlı gənc həkim Elvira Əhmədova yüksək nəticə göstərərək təxminən 60 nəfərin iştirak etdiyi imtahanda birinci yerə layiq görülüb.
Elvira Əhmədovanın bu nailiyyəti xəstəxananın professor və həkim heyəti tərəfindən yüksək qiymətləndirilib, ona rəsmi təşəkkür elan olunub və mükafatlandırılıb.
Altıillik tibb təhsilini Azərbaycan Tibb Universitetində uğurla başa vurduqdan sonra uzmanlıq təhsilini Türkiyədə nüfuzlu tibb müəssisələrindən biri olan Erciyes Universitetinin Araşdırma və Tədris Xəstəxanasında davam etdirən Elvira Əhmədova altı ay əvvəl keçirilmiş imtahanda ikinci yerə layiq görülmüşdü.
Qeyd edək ki, hazırda Azərbaycandan olan bir çox həkimlər Türkiyədə təhsillərini davam etdirərək bilik və təcrübələrini artırırlar. Onlar gələcəkdə Azərbaycanın səhiyyə sisteminə töhfə verməyi hədəf seçiblər.