Bu görüşün məqsədi beynəlxalq standartlarla çalışan YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin animatorlarını və tələbələrimizi bir platformada toplamaq, onların xarici təcrübədən daha səmərəli yararlanmasına şərait yaratmaqdır. Mərkəzdə artıq neçə ildir animasiya üzrə, daha dəqiq əvvəlki illərdə 3D animasiya, bu il isə həm 2D, həm də 3D animasiya üzrə tədris proqramları həyata keçirilir. Ümumilikdə kurslarda 15 tələbə iştirak edib, onlardan üçü Kanada şirkəti tərəfindən əməkdaşlıq üçün dəvət olunub, digərləri isə ölkə daxilində müxtəlif studiyalarda fəaliyyətlərini davam etdirirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin direktoru Rəşad Cəfərov bildirib.
Onun sözlərinə görə, görüşün əsas məqsədi məzunların peşəkar 2D animatorla təcrübə mübadiləsi aparması və Çili ilə YARADICI Mərkəzi arasında animasiya sahəsində şəbəkə əməkdaşlığının formalaşdırılmasıdır.
“Gələcəkdə xarici rejissorlarla master-klaslar, birgə vorkşoplar və müxtəlif əməkdaşlıq formatları keçirməyi planlaşdırırıq. Elə buna görə də YARADICI beynəlxalq əlaqələrini aktiv şəkildə genişləndirir və mütəmadi olaraq tələbələrimizin dünya miqyasında tanınmış, beynəlxalq standartlarla çalışan animatorlarla görüşlərini təşkil edəcək”, - deyə direktor qeyd edib.
Rəşad Cəfərov vurğulayıb ki, Mərkəzin əsas hədəflərindən biri ölkədə ən azı beynəlxalq standartlara uyğun çalışan 100 animator hazırlamaqdır.
“Bir ölkənin “animasiya ölkəsi” kimi tanınması üçün onun ən azı 100 peşəkar animatoru olmalıdır. Biz yalnız kadr hazırlamaqla kifayətlənmirik, eyni zamanda yerli uşaq animasiyası kontentinin həcmini artırmağı qarşıya məqsəd qoymuşuq. Hazırda ölkədə il ərzində çox az animasiya istehsal olunur. Ümid edirik bir neçə ildən sonra məzunlarımız bu boşluğu dolduracaq və ölkənin ehtiyac duyduğu qədər yerli animasiya məhsulları yarada biləcəklər”, -deyə o, əlavə edib.