“Baku Jazz Festival”ın direktoru: Tarix və mədəniyyətimizlə bağlı hər şey çox önəmlidir

Rejissor Mikayıl Mikayılovun quruluşunda Azərbaycan Dövlət Yuğ Teatrının “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası Bakıda nümayiş olunub.

Tamaşa başa çatdıqdan sonra AZƏRTAC-ın müxbiri təqdimatın qonaqları ilə söhbət edib. “Baku Jazz Festival”ın direktoru Leyla Əfəndiyeva bildirib ki, tamaşanın hansı interpretasiyada təqdim olunduğunu və rejissorun tariximizə baxışını böyük maraqla görməyə gəlib: “Bakıda hər ay çoxlu sayda mədəni tədbirlər keçirilir. Onların arasında xarici truppaların göstərdiyi və əsasən dünya klassikası üzərində səhnələşdirilən tamaşalar da var. Amma şəxsən mənim üçün tariximizlə bağlı olan hər bir iş çox dəyərlidir. Xüsusilə son illərdə həm tariximiz və mədəniyyətimiz haqqında filmlərin, həm də əlbəttə ki, belə səhnə əsərlərinin daha çox olması arzusundayam. Yaşadığımız məkan bizim beşiyimizdir. Tariximiz və mədəniyyətimizlə bağlı olan hər şey də çox önəmlidir”.

Xatırladaq ki, bu ilin oktyabr ayında “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” tamaşası Meksikada keçirilən 35-ci “Kimera” Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında (The Quimera International Festival of Art and Culture) böyük uğurla nümayiş etdirilib.