Gia Abaşidze: Bizim məqsədimiz həm də gənclər vasitəsilə sağlam informasiya mühitini yaratmaqdır

Bu gün informasiya mühitində qarşılaşdığımız ən böyük çağırışlardan biri dezinformasiyadır. Saxta xəbərlər, manipulyativ kontent və yanlış məlumat axını cəmiyyətin etimadını zəiflədir, ictimai rəyin formalaşmasına mənfi təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində keçirilən “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda panel sessiyada Gürcüstanın “PosTV” telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze deyib

O qeyd edib ki, gənclərin bu prosesdə rolu isə xüsusi əhəmiyyət daşıyır. Onlar həm informasiya istehlakçıları, həm də gələcəyin jurnalistləri və media liderləri olaraq cəmiyyətin media mühitində sağlamlıq və etimadın qorunmasında açar rol oynayırlar. Gənclər media savadlılığını öyrəndikcə, dezinformasiyanın təsirinə qarşı daha dözümlü olurlar və həm özləri, həm də ətrafdakı insanlar üçün doğru informasiya mənbələrinin seçilməsini təşviq edə bilirlər.

“Bizim məqsədimiz yalnız dezinformasiyanın yayılmasının qarşısını almaq deyil, həm də gənclər vasitəsilə sağlam informasiya mühitini yaratmaqdır. Universitetlər, məktəblər, media təşkilatları və ictimai təşəbbüslər birgə çalışaraq bu hədəfə nail ola bilər. Gənclərin fəal iştirakı və media savadlılığının artırılması həm ölkəmizdə, həm də regionda dayanıqlı informasiya mühitinin formalaşmasına xidmət edəcək”,-deyə Gia Abaşidze vurğulayıb.