Omar Yıldız: Yunus Əmrə İnstitutu fəaliyyətini Azərbaycanın və Türkiyənin ortaq mədəni təməlinə əsaslanaraq qurur

Bakı Yunus Əmrə İnstitutu dünya ictimaiyyətini türk mədəniyyəti və türk dili ilə tanış etmək, onları dünyada geniş şəkildə yaymaq məqsədini qarşıya qoyan və məhz bu istiqamətdə layihələr həyata keçirən bir qurumdur. Bu gün Bakıda türk mədəniyyətinə həsr olunan fəaliyyətin gözəl bir nümunəsinin şahidi oluruq.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Bakı Yunus Əmrə İnstitutunun sədr müavini Ömər Yıldız bildirib.

Onun sözlərinə görə, Yunus Əmrə İnstitutunun Bakı Mədəniyyət Mərkəzinin fəaliyyəti çərçivəsində dekabrın 8-də Bakıda rəqəmsal rəsm sərgisinin açılışı planlaşdırılır: “Bu sərginin məqsədi müasir incəsənətin ənənəvi formalarla harmonik şəkildə birləşdiyi və yeni bədii təfsir qazandığı güclü yaradıcılıq məkanı yaratmaqdır”.

Ömər Yıldız onu da qeyd edib ki, 2026-cı il ərzində Bakıda türk dili kursları, müxtəlif təhsil proqramları və türk dili üzrə bilik səviyyəsinin müəyyən edilməsi üçün imtahanlar davam etdiriləcək.

“Bakıda çoxsaylı mədəni və bədii tədbirlərin təşkilini, birgə layihələrin həyata keçirilməsini planlaşdırırıq və yeni təşəbbüslər hesabına mədəni əməkdaşlığı daha da genişləndirməyə istiqamətlənmişik”, - deyə həmsöhbətimiz əlavə edib.

Ömər Yıldızın sözlərinə görə, Bakı Yunus Əmrə İnstitutu türk mədəniyyətinə bütöv və kompleks nöqteyi-nəzərdən yanaşır və fəaliyyətini Azərbaycanla Türkiyənin ortaq mədəni təməlinə əsaslanaraq qurur.